“Qəhrəman qazilərimizin qayğıkeş həkimlərimizlə görüşü” adı altında tədbir keçirilmişdir.

Noyabr ayının 6-sında Bakı Sağlamlıq Mərkəzində Zəfər Günü münasibəti ilə “Qəhrəman qazilərimizin qayğıkeş həkimlərimizlə görüşü” adı altında tədbir keçirilmişdir. Tədbirdə Bakı Sağlamlıq Mərkəzində müalicə olunmuş Vətən Müharibəsi qaziləri və həkimləri, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və rəsmi qonaqlar iştirak etmişlər. Giriş nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov qeyd etmişdir ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının dəmir yumruğu ətrafında birləşən rəşadətli ordumuz mənfur düşmən üzərində şanlı qələbə çalmışdır. 44 gün çəkən Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı zəfər günləri kimi həkk olunmuşdur. Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşən xalqımız dünyaya böyük və qalib xalq olduğunu bir daha göstərdi. Bu haqq savaşında canlarını fəda edən şəhidlərimiz və qəhrəman qazilərimiz Azərbaycan ordusunun gücünü və qüdrətini nümayiş etdirdi. Bakı Sağlamlıq Mərkəzində yaradılan politravma şöbəsində qəhrəman qazilərimizin həyatlarının və sağlamlıqlarının bərpası üçün qayğıkeş həkimlərimiz və tibbi heyəti fədakarlıqla çalışmışlar. Tədbirdə iştirak edən Milli Məclisin Sədr Müavini Adil Əliyev, Səhiyyə Nazirinin müavini Rahim Əliyev, Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyev, Şəhid Rövşən Nurzadənin atası Xalq artisti Əli Nurzadə, Şəhid Azad Hümbətovun atası Nərimanov Rayonu Ağsaqqallar şurasının sədri Arif Hümbətov və qəhrəman qazilərimizdən Səbuhi Abdullayev çıxış etdilər. Rəsmi hissənin sonunda qəhrəman qazilərimizə Bakı Sağlamlıq Mərkəzi və Nərimanov Rayon İcra Hakimiyyəti xatirə hədiyyələri təqdim olunmuşdur. Tədbirin bədii hissəsi Zəfər Günü üçün hazırlanmış yemək süfrəsi arxasında davam etdirilmişdir.

Diqər xəbərlər